Qərbin aparıcı dövlətləri Krımı işğal etdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, lakin ikili standartların tətbiqi mövqeyindən çıxış edərək eyni münasibəti Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı göstərmirlər. Bunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib. Bu barədə “The Washington Times” qəzetində məlumat verilir.
“Təəssüf ki, Qərb dünyasında, xüsusən də Avropda biz ikili standartların mövcud olduğunu görürük. Mən eyni cür münaqişələrə müxtəlif yanaşmalardan bəhs edirəm. Heç kim (Rusiyanın Ukraynadakı hərəkətinə bənzər) qonşu ölkəyə qarşı bir cinayət törətmiş Ermənistana qarşı belə sanksiyalar təbiq etmək barədə düşünmür”, - deyə S.Seyidov “The Washington Times” qəzeti tərəfindən Vaşinqtonda təşkil olunmuş Azərbaycan-Amerika münasibətlərinə həsr edilən konfransda çıxışı zamanı bildirib.
“Təəssüf ki, Amerika bu gün regionda əvvəllər olduğundan daha az strateji dostlara malikdir. Məhz buna görə biz regiona strateji nəzərdən daha çox diqqət ayrılmasını istərdik”,- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq hüququn bərpa edilməsi dünyada vəziyyətin sabitləşməsinə gətirib çıxaracaq. “Biz beynəlxalq hüququ pozanların hamısına qarşı eyni tələblər irəli sürməliyik, fərqi yoxdur, söhbət Rusiyadan, yoxsa Ermənistandan gedir”,- deyə S.Seyidov qeyd edib.
F.Hüseynzadə