SOCAR “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi və Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) birləşdirilməsi ilə əlaqədar yeni ştat cədvəlini təsdiq edib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, fevralın 3-də “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi və Heydər Əliyev adına BNEZ-ə birləşdirilməsi nəticəsində aparılacaq struktur dəyişiklikləri ilə əlaqədar zavod kollektivi ilə görüş keçirilib.
“Heydər Əliyev adına BNEZ-in yeni ştatlarının əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərlə komplektləşdirilməsi məqsədi ilə hər iki zavodun işçiləri işlədikləri vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər. İmtahanlarda başqalarına nisbətən yüksək bal toplamış işçilər yeni strukturda yerləşdiriləcəklər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilər test imtahanında iştirak etmədən qanunvericiliyin tələbləri gözlənilməklə yeni strukturda birbaşa yerləşdiriləcəklər.
Test imtahanlarında az bal toplayan şəxslər“ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşula bilərlər. Bir illik proqram çərçivəsində onların əmək haqlarının 50%-i və tibbi sığorta güzəştləri, eyni zamanda şirkətin digər strukturlarında ixtisas və iş təcrübələrinə uyğun vakansiya yaranarsa, işlə təmin olunmaq hüquqları saxlanılacaq.
Xəbər verildiyi kimi, SOCAR-ın prezidentinin 24 dekabr 2014-cü il tarixli əmri ilə 2015-ci il yanvarın 1-dən etibarən “Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti dayandırılıb və BNEZ-ə birləşdirilib. İki NEZ-in birləşdirilməsində məqsəd emal proseslərinin daha çevik idarə edilməsi və idarəetmənin bir mərkəzdən həyata keçirilməsidir.
SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, öz növbəsində deyib ki, “Azərneftyağ” NEZ və Bakı NEZ-in birləşdirilməsi 4 ilə yaxın vaxt aparacaq, “Azərneftyağ”da işləyən əsas qurğular BNEZ-in tərkibində fəaliyyətini davam etdirəcək.
N.Abbasova