Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasından olan nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökumətinin sədri Sergey Takoyev rəhbərlik edib.
Görüşdə nazir Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahəsində daima sıx əlaqələrin mövcud olduğunu və bu əlaqələrin son illərdə daha da inkişaf etdiyini, Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qonaqların diqqətinə çatdırıb.
O əlavə edib ki, biz eyni regionda yaşadığımız üçün xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlər vardır və bunlara əsaslanaraq turizm, musiqi, teatr sahəsində mübadilələrin aparılması mövcud əlaqələrin genişlənməsinə təkan verə bilər.
S.Takoyev Azərbaycanda gedən inkişafın onda yüksək təəssürat yaratdığını, ölkəmizlə əlaqələrin bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
O, Şimali Osetiya-Alaniya Respublikasında yaşayan çoxsaylı azərbaycanlıların sosial həyatda fəallığını vurğulayaraq, bu amilin gələcək münasibətlərin inkişafında özünəməxsus yer tuta biləcəyini deyib.
A.Zeydullayev