Azərbaycan prezidenti İlham Əliyev və bir sıra rəsmi şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Akif Hacıyevin vəfatı ilə əlaqədar olaraq başsağlığı veriblər. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev 77 yaşında vəfat edib.
O, 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1960-cı ildə universiteti bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.
A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri olub.
Alim 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
A.Hacıyev 100-dən artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.
A.Zeydullayeva