Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş ongünlüyü” layihəsi çərçivəsində “Açıq qapı günü” keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
İşə götürənlərin və regional əmək müfəttişliyinin mütəxəsislərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində iş yerlərində təhlükəsiz və sağlam həyat şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi, iş yerlərində attestasiyaların aparılması əmək qanunvericiliyinin tələbləri kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin ardından işçinin şikayəti əsasında Samux rayonunun Kolayır kəndində tikilən heyvandarlıq kompleksinə baxış keçirilib.
“Orada xüsusi əmək mühafizəsi vasitələrindən istifadə edilməyib. Bundan başqa, işə götürülənlə əmək müqaviləsi olmayıb. Bununla bağlı xüsusi göstərişlər verilib. İstehsalat sahəsinin fəaliyyəti dayandırılıb və icraçı məcbur olan göstərişi icra edildikdən sonra müəssisə fəaliyyətini bərpa edəcək”, – deyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quluyev bildirib.
İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, fiziki şəxslər əmək qanunvericiliyinin tələblərini pozarsa, 3-5 min manat, hüquqi şəxslər isə 20-25 min manat cərimə olunur.
F.Mehdiyev