2014-cü ildə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 97,1 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib. Beləliklə, 2013-cü illə müqayisədə fondun xətti ilə ipoteka kreditləşməsinin həcmi 14% azalıb.
Ötən ilin dekabr ayında AİF-in agent bankları 8,5 mln. manat məbləğində ipoteka krediti veriblər.
AMB-nin məlumatına görə, 2014-cü ildə fond 126,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2013-cü illə müqayisədə artım 45,4% - İF-Az).
Hesabat dövründə AİF-in 40 mln. manat məbləğində istiqrazı yerləşdirilib.
Bundan başqa, 2014-cü ildə AİF sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 40 mln. manat vəsait alıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
A.Əzizov