“SOCAR Energy Ukraine” MMC (Azərbaycan Dövlət Neft Şirkətinin - törəmə müəssisəsi) Ukraynada yeni yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib. Bu barədə MMC-nin məlumatında deyilir.
“SOCAR brendi altında yeni YDM Odessa şəhərinin mərkəzinə yaxın, Tairovo və Bolşoy Fontan yaşayış massivlərini birləşdirən yol qovşağında açılıb. Bu, SOCAR-ın Odessa vilayətində açdığı 13-cü, bütün Ukraynada isə 47-ci YDM-dir”, - deyə məlumatda bildirilir.
800 kvadratmetr sahəni əhatə edən YDM-də eyni vaxtda 4 avtomobilə xidmət göstərmək üçün iki ədəd ikitərəfli yanacaqpaylama kolonkası quraşdırılıb.
YDM-də Polşa, Litva və Belarusun aparıcı NEZ-də istehsal olunmuş və Avro-5 standartına uyğun neft məhsulları - А-92, А-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağının satışı həyata keçirilir.
Xəbər verildiyi kimi, “SOCAR Energy Ukraine” Ukraynada fəaliyyətə 2008-ci ildə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
N.Abbasova