2014-cü ildə Azərbaycanın prokurorluq orqanlarına bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı 41 material göndərilib. Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə məlumat verib.
“İl ərzində 8 material üzrə cinayət işi qaldırılıb, bir material üzrə artıq məhkəmə hökmü çıxarılıb”, - deyə M.Səlimzadə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında inzibati nəzarət orqanının fəaliyyəti ilə bağlı illik hesabatla çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, bələdiyyələrin qanunsuz fəaliyyətinə dair müraciətlərin əksəriyyəti
kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz alqı-satqısı ilə bağlı olub.
“2014-cü ildə bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı faktların araşdırılması zamanı ümumi sahəsi 4 min hektardan çox olan torpaq sahələrinə mülkiyyət hüququnun qaytarılması təmin edilib ki, bu da 2013-cü ilin göstəricisindən 16,2% çoxdur”, - deyə M.Səlimzadə bildirib.
Mərkəzin rəhbəri, həmçinin bələdiyyə rəhbərləri tərəfindən digər yerli özünüidarəetmə orqanlarının icazəsi olmadan özbaşına qərarar qəbul etmə faktlarının azaldığını qeyd edib.
“Gələcəkdə belə halların qarşısının makismal şəkildə alınması məqsədi ilə biz bələdiyyələrə müvafiq tövsiyələr vermişik”, - deyə o əlavə edib.
R.Babayev