Milli Məclisin Regional məsələlər komitəsinin cümə axşamı keçirilən iclasında “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.
“Bu hüquqi sənəd yerli özünüidarə orqanlarında çalışanların məsuliyyətinin artmasına xidmət edəcək”, - deyə komitə sədri Arif Rəhimzadə bildirib.
Onun sözlərinə görə, qanun layihəsi 3 fəsil və 20 maddədən ibarətdir.
Qanun layihəsinin “İnzibati məsuliyyət növləri” ilə bağlı 20-ci maddəsində etik davranış qaydalarının pozulmasına görə cəza tətbiq edilməsini nəzərdə tutan variantlar mövcuddur. Bu maddə etik davranış qaydalarının pozulmasına görə töhmət, son xəbərdarlıq etməklə şiddətli töhmət, başqa vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad etmək kimi cəza növlərini nəzərdə tutur”, - deyə A.Rəhimzadə bildirib.
İclasda çıxış edən komitə üzvləri qeyd ediblər ki, qanun layihəsinin “Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət”lə bağlı 19-cu maddəsinin 19.2.2-ci bəndində bələdiyyə işçilərinin yerli özünüidarə orqanının rəhbərliyi ilə razılaşdırmadan bələdiyyənin fəaliyyəti haqqında KİV-lərə informasiya verməsinin məsuliyyətindən bəhs olunur.
İclasın yekunları üzrə qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R.Babayev