Bu gün Qafqaz Müsəlmanları İdarəsinində (QMİ) Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi ilə əlaqədar görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə qeyd edib ki, P.Bülbüloğlu hər zaman öz xalqına sadiq olub və Azərbaycanın maraqlarının keşiyində dayanıb.
A.Paşazadə 70 illik yubileyi münasibətilə P.Bülbüloğlunu təbrik edərək bildirib ki, o, yaşından xeyli cavan görünür.
“Baxmayaraq ki, bizim müxtəlif fəaliyyət sahələrimiz olub, biz onunla həmişə görüşüb, bizi maraqlandıran müxtəlif məsələləri müzakirə etmişik”, - deyə A.Paşazadə qeyd edib.
Öz növbəsində P.Bülbüloğlu dövlət başçısı İlham Əliyev və QMİ sədri A.Paşazadə tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib.
“Mənim üçün böyük şərəfdir ki, prezident məni təbrik etməyə gəlmiş bütün qonaqları qəbul edib, məni “Şərəf” ordeninə layiq görüb”, - deyə o vurğulayıb.
Yubilyar, həmçinin 10 ildən artıq bir müddətdə əvvəllər nazir olaraq, indi isə Azərbaycanın RF-dəki səfiri kimi ölkə başçısının komandasında çalışmaqdan məmnunluq duyduğunu söyləyib.
“Dünən prezident qonaqları qəbul edərkən xüsusilə qeyd etdi ki, Azərbaycanda bütün din nümayəndələrinə eyni münasibət göstərilir. Ölkədə Multikulturalizm Mərkəzi fəaliyyət göstərir”, - deyə P.Bülbüloğlu qeyd edib.
Görüş zamanı şeyx yubiliyara müqəddəs “Qurani-Kərim” hədiyyə edib. P.Bülbüloğlu hədiyyəni alaraq Qarabağ münaqişəsinin həlli gününü yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəməyəcəyinə and içib.
“Hörmətli şeyx, siz mənə müqəddəs “Quran” hədiyyə etdiniz. Sizin yanınızda mən əlimi bu müqəddəs kitaba qoyaraq and içirəm ki, bundan sonra da öz xalqıma və vətənimə xidmət göstərmək üçün səylərimi əsirgəməyəcəm. Mən and içirəm ki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səy göstərəcəyəm”, - deyə o bəyan edib.
F.İsazadə