Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailənin möhkəmləndirilməsi məqsədi ilə maarifləndirmə işinin vacib rol oynadığını qeyd edir.
“Ailə institutunun möhkəmləndirilməsi üçün milli və dini dəyərləri düzgün təbliğ etmək lazımdır”, - deyə H.Hüseynova cümə günü keçirilən konfransda söyləyib.
Bununla yanaşı, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə qadın və uşaqların hüquqlarının müdafiəsi işində birgə fəaliyyətin vacibliyini xüsusilə qeyd edib.
“Biz respublikanın regionlarında qadınların kiçik və orta biznesə cəlb olunması üzrə tədbirlər və kurslar keçiririk, lakin sonra bu qadınlar bizə müraciət edərək bildirirlər ki, onların həyat yoldaşları bu işlə məşğul olmağı qadağan edirlər”, - deyə komitə sədri əlavə edib.
O, həmçinin respublikada iki-üç ailə saxlayan kişilərin olduğunu, lakin nikahsız qurulan bu ailələrdə yaşayan qadın və uşaqların heç bir hüquqa malik olmadıqlarını təəssüflə qeyd edib.
“Ailə qurularkən dini ehkamlardan sui-istifadə yolverilməzdir. Ailə institutunun möhkəmlənməsi üçün geniş ictimai müzakirələr aparılmalıdır”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
Onun sözlərinə görə, bu istiqamətdə aparılan maarifləndirmə işi ailələrdə tərbiyə olunan uşaqların dini yanlış anlamasının və bununla da gənc nəsil arasında dini ekstremizmə marağın qarşısını alar.
“Nailiyyətlərimizlə yanaşı, bizim öz həllini gözləyən müəyyən problemlərimiz də var. Hesab edirəm ki, fəaliyyətimizin bütün istiqamətlərində məhz qanunları əsas götürməliyik”,- deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova erkən nikahlar haqqında danışarkən söyləyib.
“Əgər müxtəlif dövlət idarə və qurumları, eləcə də dini icmalar əlaqələndirilmiş iş aparmasalar, Azərbaycanda asayişin pozulması təhlükəsi aktuallaşa bilər”, - deyə o qeyd edib.
F.İsazadə