Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki “Bakı-2015” Avropa Oyunlarına hazırlıq üzrə görülən işləri yükək qiymətləndirir və oyunların uğurla keçiriləcəyinə əmindir.
“Əminəm ki, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq. Biz Avropa Oyunlarının qonaqlarını qəbul edəcək idman komplekslərinin keyfiyyətindən məmnunuq”, - deyə P.Hikki cümə günü AOK-un Koordinasiya Şurasının V iclasının yekunları üzrə mətbuat konfransında bildirib.
O, Bakının Birinci Avropa Oyunlarına ev sahibliyini qəbul etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“Nəhayət ki, beynəlxalq Olimpiya hərəkatı tamamilə komplektləşdiriləcək. Bu istiqamətdə çatışmayan yeganə cəhət Avropa qitə idman oyunları idi. Bununla əlaqədar olaraq bu oyunlara hazırlığı öz üzərinə götürmüş Azərbaycana minnətdarlığımı bildirirəm”,- deyə P.Hikki söyləyib.
Onun sözlərinə görə, 2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adı yaxın vaxtlarda məlum olacaq.
“Biz əvvəllər birinci Avropa Oyunlarının keçirilməsinə eksperiment kimi baxırdıq, lakin zamanla bunun nə qədər ciddi olduğunu anladıq. Əvvəlcə oyunların 10 idman növü üzrə keçirilməsi nəzərdə tutulurdu, lakin nəticə olaraq indi 20 idman növü üzrə atletlərin iştirakı gözlənilir. Bundan başqa, Bakıda keçiriləcək yarışlarda bir çox idman növləri 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bütün bunlar “Bakı-2015” Avropa Oyunlarının əsl əhəmiyyətini sübut edir”, - deyə AOK prezidenti vurğulayıb.
R.Babayev