Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edir ki, Azərbaycan tərəfinin əks-hücum tədbirləri Ermənistan silahlı qüvvələrini qorxuya salıb. Bu barədə cümə günü Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
«Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, o, vahimə içindədir. Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcək", - deyə nazir cəbhəboyu zonada yeni hərbi hissənin açılış mərasimində bildirib.
O vurğulayıb ki, keçirilən irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirir.
“Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, ən əsası şəxsi heyətin ruh yüksəkliyini, vətənpərvərlik əzmini, Azərbaycan əsgərinin peşəkarlığını və hazırlığını xüsusi qeyd etmək istərdim”, - deyə Z.Həsənov söyləyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildə bu istiqamətdə görülən işlər bu il də davam etdiriləcək.
“Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində qısa bir müddətdə artıq ikinci hərbi şəhərciyin açılışını edirik. İl ərzində hər ay biz yeni hərbi şəhərciklərin istifadəyə verilməsini həyata keçirəcəyik”, - deyə Z.Həsənov bəyan edib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti də dövlət rəhbərliyi tərəfindən göstərilən bu etimadı doğrultmalı, işğal olunmuş torpaqları düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmalıdır.