Ukrayna münaqişəsi və Ermənistan-Azərbaycan münaqişəsi bir-birinin güzgüdəki əksidir.Prezident İlham Əliyev belə hesab edir.
“Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir”, - deyə dövlət başçısı 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi digər vacib beynəlxalq hadisələrin kölgəsində qalıb. Ukrayna məsələsi bu münaqişəyə müəyyən diqqəti cəlb edib.
“Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir.
“Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir”, - deyə prezident söyləyib.
“Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnib. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb”, - deyə o vurğulayıb.
Dövlət başçısı hesab edir ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur.
“Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, - deyə prezident qeyd edib.
R.Babayev