Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində müntəzəm olaraq hərbi təlimlər keçirdiyi üçün beynəlxalq təşkilatlar bu ölkəyə sanksiyalar tətbiq etməlidir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı söyləyib.
“Əgər beynəlxalq strukturlar və təşkilatlar hansısa ölkəyə sanksiya qoymalıdırlarsa, bu ölkə, ilk növbədə Ermənistan olmalıdır”, - deyə V.Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ermənistanın Müdafiə Nazirliyi daha öncə bəyanat verərək bildirmişdi ki, Azərbaycanda start götürmüş genişmiqyaslı hərbi təlimlər Bakının öz üzərinə götürdüyü beynəlxalq öhəliklərlə ziddiyyət təşkil edir.
V.Dərgahlı qeyd edib ki, Azərbaycan hərbi təlimləri öz ərazisində keçirir və beynəlxalq birlik bununla əlaqədar olaraq hər hansı iddia qaldırmaq hüququna malik deyil.
“Azərbaycan öz sərhədləri daxilində və öz ərazisində Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimlərini keçirir. Belə olan halda beynəlxalq qurumlar bizə nə deyə bilərlər? Bu məsələdə biz beynəlxalq birliyin hansısa bir addım atmasını gözləmirik”, - deyə V.Dərgahlı vurğulayıb.
O əmindir ki, beynəlxalq təşkilatlar Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlərə reaksiya göstərməlidir.
“Ermənistan işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirir. Beynəlxalq təşkilatlar buna göz yumur, hər hansı reaksiya göstərmirlər. Üstəlik, bu təlimlər genişmiqyaslıdır. Ötən ilin noyabr ayında biz bir daha bunun şahidi olduq. Hələ heç kim unutmyıb ki, bu təlimlər zamanı Azərbaycanın mövqelərinə hücum etmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopteri vurulmuşdu”,- deyəö mətbuat katibi xatırladıb.
Fevralın 2-də Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.
F.İsazadə