Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar ortamüddətli perspektivdə də saxlanılacaq. Bu barədə Dünya Bankının Bakı Ofisinin rəhbəri Larisa Leşçenko bazar ertəsi “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumunda çıxışı zamanı bildirib.
“Neft qiymətlərinin azalması və dünyada baş verən digər proseslərlə bağlı yaranmış çətinliklər birgünlük deyil, onlar ortamüddətli perspektivdə də saxlanılacaq”, - deyə L.Leşçenko qeyd edib.
Onun sözlərinə görə, DB 2015-ci ildə neftin bir barelinin orta qiymətini $53, 2016-cı ildə $57 səviyyəsində proqnozlaşdırır.
“Bu şərtlər altında Azərbaycanda yeni proqramlar, yeni iqtisadi model işlənib hazırlanmalıdır. DB Azərbaycana bu sahədə dəstək göstərməyə hazırdır”, - deyə L.Leşçenko qeyd edib.
A.Axundov