Qazaxıstan elektron hesab-fakturaların tətbiqi üzrə Azərbaycanın təcrübəsini öyrənir. Bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Daulet Yerqojin bazar ertəsi Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı IV Vergi Forumunda çıxışı zamanı bildirib.
“Bugünkü iqtisadi qeyri-sabitlik şəraitində vergi administarsiyaları qarşısında yeni vəzifələr və çağırışlar dayanır”,- deyə o qeyd edib.
Komitə rəhbərinin fikrincə, bu forumun keçirilməsi aktualdır, çünki qlobal miqyaslı proseslərin tələblərinə cavab verir. “Forumun kommunikasiya meydançası isə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi və vergi administrasiyasının təkmilləşdirilməsi üzrə müasir yanaşmaların hazırlanması üçün platforma rolunu oynayır”, - deyə D.Yerqojin vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycanda 2010-cu ilin yanvar ayından elektron vergi hesab-fakturaları tətbiq olunur.
Vergilər Nazirliyinin qiymətləndirmələrinə görə, elektron hesab-fakturalar sistemi kağız formasında hesab-fakturalarla müqayisədə böyük üstünlüklərə malikdir. Elektron hesab-fakturalar sistemi əməliyyatların keçirilmə prosesini sürətləndirməyə və onların üzərində vergi nəzarətini gücləndirməyə imkan verir. Bununla yanaşı, bu sistem çərçivəsində ƏDV üzrə kağız formasında hesab-fakturalarla mümkün olan maliyyə maxinasiyaları az ehtimal olunur.
A.Axundov