Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota verib. Bu barədə KİV-lərə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
Nota Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar verilib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov məsələni Tomsk vilayəti qubernatorunun aparatı və Tomsk şəhər meri İvan Klyaynla müzakirə edib və rəsmi Bakının narahatlığını ifadə edib.
Həmçinin Baş Konsulluq tərəfindən Tomsk Dövlət Universitetinə də etiraz məktubu ünvanlanıb. Tomsk Dövlət Universitetinin rektoru Eduard Qalanjinskiy S.Qasımova üzrxahlığını ifadə edib, universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib.
F.İsazadə