RF Kommunist Partiyasının (KP) lideri Gennadi Züqanov bu gün Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Ali məktəbin rektoru Asif Hacıyev KP sədrinə tədris prosesi, xüsusən rus dili və ədəbiyyatının tədrisi, BSU-nun Rusiyanın müxtəlif universitetləri ilə əməkdaşlığı barədə məlumat verib.
“Bundan başqa, bizim respublikada belə bir layihə həyata keçirilir: biz bir neçə ildir Azərbaycanın rus folklorunu toplayırıq. Respublikada çoxlu sayda rus dilli KİV fəaliyyət göstərir”, - deyə o əlavə edib.
A.Hacıyev deyib ki, 200 ildən çoxdur ki, İsmayıllı rayonunun İvanovka kəndində molokan icması kompakt şəkildə yaşayır.
“Onlar bu gün də öz mədəniyyət və adətlərini qoruyub saxlayıblar. Mən hətta deyərdim ki, onlar Rusiyadakı ruslardan daha çox öz kolorit və folklorlarını qoruyub saxlaya biliblər. Çünki bu gün Rusiyada urbanizasiya gedir”, - deyə A.Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, İvanovka Azərbaycanda kolxozun saxlanıldığı yeganə kənddir.
Öz növbəsində G.Züqanov Azərbaycanda əhalinin rus dilinə yiyələnmə səviyyəsindən məmnun qaldığını bildirib.
“Mən azərbaycanlı əhalinin rus dilini mənimsəmə səviyyəsinə heyran oldum. Mən burada yerli məktəblərdən birində oldum, şagirdlər rus dilində aksentsiz danışır, şerlər oxuyurdular”, - deyə o qeyd edib.
F.İsazadə