Azərbaycan və Rusiya Şimal-Cənub enerji və nəqliyyat dəhlizinin (Rusiya-Azərbaycan-İran) inklişaf imkanlarını müzakirə edir. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə RF baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat verib.
“Mən Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gəlmişəm. Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə çox maraqlı görüş oldu. Əsasən iqtisadi əməkdaşlığa dair məsələlər müzakirə olundu. Bizim siyasi sahədə əla dostluq və strateji münasibətlərimizin olduğu vurğulandı. Bu, iqtisadi layihələri uğurla həyata keçirməyə imkan verir. Ticarət sürətli templərlə inkişaf edir. Biz Azərbaycanın ərzaq məhsullarını daha çox almağa başlamışıq. Rusiya bazarında bu məhsullara tələbat var”, - deyə A.Dvorkoviç “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın “KAMAZ” və “Uralvaqonzavod” nəqliyyat şirkətlərinin investisiya sahəsində maraqlı fikirləri var.
“İnnovasiya sahəsində, xüsusilə əczaçılıq, avadanlıq istehsalı sahələrində maraqlı layihələr var. Belə qərara gəldik ki, bizim ekspertlərimiz (nazirlik və şirkət nümayəndələrinin) yaxın vaxtlarda əməkdaşlığı fəallaşdıracaq, ticarət və investisiyalar üzrə isə konkret razılıqlar əldə olunacaq”,- deyə o qeyd edib.
R.Dvorkoviç qeyd edib ki, hazırda RF-nin ABŞ və Avropa ilə münasibətlərdə üzləşdiyi siyasi çətinliklər fonunda Azərbaycan və Rusiya ikitərəfli münasibətləri gücləndirə bilər. “Biz Qərblə bu pauzadan ölkələrimizin yerləşdiyi regiona fayda vermək, ikitərəfli əməkdaşlığımızı əhəmiyyətli dərəcədə artırmaq üçün istifadə etməliyik. Bizim tərəfdaşlığımız bütün Cənubi Avropa və Mərkəzi Asiyada sülh və mehriban qonşuluq münasibətlərinə xidmət edir”,- deyə o əlavə edib.
A.Axundov