2015-2016-cı dərs ilində uşaqların I sinifə qəbulu elektron sistem vasitəsi ilə aparılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.
“Fevral ayının sonuna qədər uşaqların I sinifə qəbulunun elektron sisteminin hazırlanması üzərində iş başa çatdırılacaq və geniş ictimaiyyətə təqdim ediləcək”, - deyə C.Bayramov bildirib.
Onun sözlərinə görə, lisey və gimnaziyalara uşaqların qəbulu təhsil müəssisəsinin öz nizamnaməsi əsasında seçim vasitəsilə, ümumtəhsil məktəblərinə isə ümumi qaydalar əsasında aparılacaq.
“Qəbul bundan sonra da belə aparılacaq, lakin sənədlər elektron formada təqdim ediləcək”, - deyə C.Bayramov bildirib.
Nazir müavini, həmçinin söyləyib ki, başlanğıc mərhələdə bu sistem Bakıda, daha sonra regionlarda tətbiq olunacaq.
“Təhsil sistemi çox genişdir və hər hansı yeni sistemi tətbiq edərkən biz başa düşməliyik ki, layihəni dərhal bütün Azərbaycan ərazisində həyata keçirmək mümkün deyil. Buna görə də biz əvvvəlcə pilot layihə tətbiq edir, onun mənfi və müsbət cəhətlərini öyrənir, yalnız bundan sonra onu təkmilləşdirərək regionlarda da tətbiq edirik”, - deyə C.Bayramov qeyd edib.
A. Zeydullayeva