Баку. 12 февраля. ИНТЕРФАКС-АЗЕРБАЙДЖАН - "Bakı-2015" I Avropa Oyunlarına hazırlıqla bağlı mədəniyyət və turizm proqramlarının təşklii ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclas mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutub.
İclasda Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkili müzakirəsi mövzusu olub.
Bundan başqa, Avropa Oyunlarının davam etdiyi günlərdə ölkəmizdə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib, eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.
A.Zeydullayeva