Azərbaycanın iqtisadiyyat və sənaye naziriŞahin Mustafayev ölkənin sənaye parklarında Fransa şirkətlərinin fəaliyyəti üçün geniş potensialın olduğunu qeyd edir. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Ş.Mustafayev Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Elzas regionunun nümayəndə heyəti ilə görüşüb.
“İki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, Fransa şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə uğurla fəaliyyət göstərirlər”, - deyə azərbaycanlı nazir söyləyib.
Onun fikrincə, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir və Elzas regionundan olan nümayəndə heyətinin ölkəmizə səfəri bu əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
A.Axundov