İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyası (İHMK) Xocalı faciəsini soyqırımı aktı adlandırıb və bu mövqeyini beynəlxalq forumlarda müdafiə etməyə hazır olduğunu bildirib. Bu barədə İndoneziya KİV-ləri İHMK-nın yüksək vəzifəli nümayəndəsi Elfansuri Çayraxa istinadən məlumat verir.
“Heç şübhə yoxdur ki, 1992-ci ildə Xocalıda baş verənlər soyqırımı aktı idi. Bu, insanlığa qarşı törədilmiş cinayət idi və müqəssirlər məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə o, çərşənbə günü İndoneziya Universitetində “Xocalıya ədalət və gələcək üçün dərslər” adlı seminarda çıxışı zamanı bildirib.
E.Çayraxın sözlərinə görə, onun təmsil etdiyi komissiya insanlığa qarşı belə cinayətlərə reaksiya göstərməyə bilməz, xüsusilə söhbət soyqırımından gedirsə.
“Biz insan hüquqları ilə məşğul olan qurumu təmsil edərək Xocalı soyqırımı məsələsini regional və beynəlxalq səviyyədə qaldırmağa hazırıq. Bizə Azərbaycandan daha çox məlumat və informasiya daxil olması lazımdır”,- deyə İHMK nümayəndəsi qeyd edib.
“Azərbaycan və Ermənistan arasında münaqişə dialoq yolu ilə həll olunmalıdır. Biz gələcəkdə belə soyqırımlarının olmaması üçün var gücümüzlə səy göstərməliyik”, - deyə Əbdürrəhman Vahid Mərkəzinin vitse-prezidenti Məhəmməd Sukron bildirib.
“Bu dəhşətli cinayət yalnız müsəlmanlara qarşı deyil, bütün insanlığa qarşı törədilib”,- deyə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev tədbirin kuluarlarında jurnalistlərə söyləyib.
KİV-lərin məlumatına əsasən, çıxış edənlərin əksəriyyəti İndoneziya hökumətini BMT və İslam Əməkdaşlığa Təşkilatı (İƏT) çərçivəsində dəErmənistana qarşı sərt tədbirlər görməyə çağırıb ki, bunun nəticəsi olaraq Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən geri çəksin.
“Bu yaxınlarda İƏT təşkilata üzv olan bütün ölkələri, o cümlədən İndoneziyanı Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb”, - deyə T.Qarayev qeyd edib.
Birgünlük seminarda “beyin mərkəzləri”nin ekspertləri, hüquq müdafiəçiləri, dini liderlər, alimlər, diplomatlar və tələbələr iştirak edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.Hüseynzadə