Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Qələbə marşalları. Vasili Çuykov” sənədli filminin nümayişi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Fevralın 12-də Sovet İttifaqı marşalı Vasili Çuykovun anadan olmasının 115 ili tamam olub. V.Çuykov Stalinqrad uğrunda döyüşlərdə böyük rol oynamış əfsanəvi 62-ci Ordunun komandanı olub. Marşal V.Çuykovun ordusu Volqadakı şücaət və qəhrəmanlığına görə 8-ci qvardiya ordusuna çevrilib. V.Çuykov öz vəsiyyətinə görə Volqoqraddakı Mamayev Kurqanında, öz ordusunun həlak olmuş zabit və əsgərləri ilə yanaşı dəfn edilib.
Marşalın doğum günündə “Qələbə marşalları. Vasili Çuykov” sənədli filmi (Rusiya Müdafiə Nazirliyinin “Voeninform” studiyası və “İsti qar” bədii filminin (“Mosfilm” kinostudiyası, 1972-ci il) nümayişi olub.
Filmlərin nümayişindən əvvəl “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov bildirib ki, 2013-cü ildə o, Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” IV beynəlxalq forumunda iştirak edib. Orada “Azərbaycanlılar Stalinqrad döyüşlərində” adlı sərgi nümayiş etdirilib. Sərgi “Stalinqrad döyüşü” qoruq-muzeyinin əməkdaşları tərəfindən hazırlanmışdı. Sərgiyə Stalinqrad uğrunda döyüşlərdə iştirak etmiş azərbaycanlılar, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, 55-ci tank diviziyasının komandiri Həzi Aslanov, 51-ci motoatıcı diviziyanın batareya komandiri, almanların 76-cı piyada diviziyasının komandirinin əsir götürülməsində şəxsən iştirak etmiş Qəmzə Sadıqov barədə eksponatlar daxil edilmişdi.
Filmlər RİMM-in “Kino hamı üçün” və “Qələbə marşalları” layihələri çərçivəsində nümayiş etdirilib. Xəbər verildiyi kimi, hər həftənin cümə axşamları RİMM-də filmlərin nümayişi olur.
Fevralın 19-da RİMM-də “Marşal Semyon Konstantinoviç Timoşenko” sənədli filmi və “Əsgər atası” (Gürcüstan film kinostudiyası, 1964) bədii filminin nümayişi olacaq.
A.Zeydullayeva