Fransanın Müluz şəhərinin meri Jan Rotner və Müluz şəhərinin Turizm ofisinin prezidenti Jan-Pyer Valter Gəncədə səfərdə olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan-Fransa əlaqələrini, parlamentlərarası, iqtisadi, eləcə də hər iki ölkənin regionları arasında əməkdaşlığı ətraflı müzakirə etdik. Azərbaycan Fransa üçün dost ölkədir və Azərbaycanın Fransadakı səfirliyinin fəaliyyəti nəticəsində biz sizin ölkəni daha da yaxşı tanımağa başlamışıq”, – deyə J.Rotner bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə isə qonaqlara Gəncənin sosial-iqtisadi, eləcə də mədəni həyatı, 2016-ci ildə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar görülən işlər barədə məlumat verilib.
“Müluz şəhərinin 300 min əhalisi var və onun 30%-i gənclərdir. Müluz şəhəri də Avropanın gənclər paytaxtı olması ilə bağlı öz namizədliyini irəli sürəcək. Buna görə Gəncənin təcrübəsini öyrənirik”, – deyə Müluz meri qeyd edib.
Fransadan olan qonaqlar Gəncə Dövlət Universitetinə də baş çəkiblər və əlaqələrin qurulması ilə bağlı müzakirələr aparıblar.
Bu gün isə Yevlax və Müluz şəhərləri arasında dostluq əlaqələrinin qurulması haqqında protokol imzalanacaq.
F.Mehdiyev