Ədliyyə Nazirliyi 2014-cü ildə 481 bələdiyyə orqanı rəhbərini inzibati məsuliyyətə cəlb edib. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının illik hesabatı ilə çıxış edərkən bildirib.
“Daha 64 şikayətə baxılır. Ötən il bələdiyyələrlə iş üzrə mərkəzə 2196 şikayət daxil olub, onlardan 299-u digər müvafiq strukturlara yönəldilib, 1897 şikayətə hazırda baxılır”, - deyə o əlavə edib.
Nazir müavininin sözlərinə görə, yerli özünüidarə orqanlarının qanunsuz fəaliyyətinə dair 41 material prokurorluq orqanlarına göndərilib.
V.Zahirov qeyd edib ki, müraciətlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz alqı-satqısı ilə bağlı olub.
“Lakin qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq bələdiyyə orqanları tərəfindən səlahiyyətlərini aşma faktlarının sayı azalıb”,- deyə o bildirib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin daha öncə bildirdiyinə görə, 2014-cü ildə bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı faktların araşdırılması zamanı ümumi sahəsi 4 min hektardan çox olan torpaq sahələrinə mülkiyyət hüququnun qaytarılması təmin edilib ki, bu da 2013-cü ilin göstəricisindən 16,2% çoxdur. İl ərzində 8 material üzrə cinayət işi qaldırılıb, bir material üzrə artıq məhkəmə hökmü çıxarılıb”, - deyə M.Səlimzadə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında inzibati nəzarət orqanının fəaliyyəti ilə bağlı illik hesabatla çıxışı zamanı qeyd edib.
R.Babayev