İran beynəlxalq vasitəçilərdən ibarət “altılıq”la danışıqlarda daha çevik mövqe nümayiş etdirməyə hazırdır. Belə bəyanatla bazar günü İranın xarici işlər naziri Cavad Zərif çıxış edib.
“İran “altılığı” sakitləşdirmək üçün çeviklik göstərməyə hazırdır” - deyə o, Tehranda çinli həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Bununla yanaşı, C.Zərif qeyd edib ki, “Tehranın siyasi iradəsi nəzərə alınmaqla, yaxın gələcəkdə İranın nüvə proqramı üzrə hərtərəfli saziş məsələsində uğura nail olmaq üçün zəmin hazır olacaq.
İran XİN başçısı əlavə edib ki, Çin “altılığ”ın üzvü olaraq bu sazişin əldə olunmasında vacib rol oynayır.
Öz növbəsində ÇİN-in XİN başçısı Van İ qeyd edib ki, İran və “altılıq” arasında sazişin əldə edilməsi üçün tərəflərin əlinə tarixi imkan düşüb. Bununla yanaşı, o, əlavə edib ki, tərəflərin razılaşdırmalı olduqları fikir ayrılıqları hələ də qalmaqdadır.
“Danışıqlarda əhəmiyyətli irəliləyiş hiss edilir”, - deyə o bldirib və əlavə edib ki, tərəflər məsələnin nizamlanmasına yaxınlaşdıqca, “danışıqlar daha da çətinləşir”.
Van İ tezliklə irəliləyiş əldə olunacağına ümid etdiyini qeyd edib və bildirib ki, danışıqların uzadılmasına tərəfdar deyil.
“Danışıqlar artıq iki dəfə uzadılıb, ümid edirik ki, bu, üçüncü dəfə baş verməyəcək”, - deyə Van İ vurğulayıb.
Qrafikə əsasən, İran probleminin tamamilə nizamlanması üzrə saziş bu ilin iyun ayının sonuna qədər hazır olmalıdır.