BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsi (CEDAW) fevralın 18-də Cenevrədə keçiriləcək iclasında Azərbaycanın qadın hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət araşdırılacaq. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin mətbuat xidməti məlumat verir.
Azərbaycan Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir və Konvensiyanın tələblərinin həyata keçirilməsi ilə əlaqədar yuxarıda adı çəkilən və 23 müstəqil ekspertdən ibarət Komitəyə müntəzəm hesabatlar təqdim etməlidir.
Komitə ölkədə qadın hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlər üzrə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə müzakirələr aparacaq və eyni zamanda, QHT nümayəndələrinin fikirləri də dinləniləcək.
Müzakirə ediləcək məsələlərə stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətləri aradan qaldırmaq üçün tədbirlər; qadın və qız uşaqlarının alverinə qarşı mübarizə səyləri; doğulan uşağın cinsinə nəzarət metodu kimi istifadə olunan abortların tənzimlənməsi üzrə tədbirlər; əmək haqlarında gender əsaslı fərqlərin aradan qaldırılması; keçmiş SSRİ vətəndaşlarının sayının çoxluğunu nəzərə alaraq, vətəndaşsızlıq sisteminin yaradılması üçün prosedurların yaradılması daxildir.