Azərbaycan və İran regionda vəziyyətin sabitləşməsi məqsədi ilə terrorçuluğa qarşı birgə mübarizə aparmalıdır. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Biz regionumuzdakı vəziyyəti daha da yaxşılaşdırmalı, onu təhlükəsiz hala gətirməliyik. Biz regionda sabitliyin bərpa edilməsi üzərində birgə işləməliyik”, - deyə M.Zərif Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Bundan əlavə, o, İranın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək hüququnu dəstəklədiyi üçün rəsmi Tehranın Bakıya minnətdarlığını çatdırıb.
“Bizim Azərbaycanla geniş qarşılıqlı əlaqələrimiz var. Son il ərzində münasibətlər müsbət istiqamətdə inkişaf edir”, - deyə iranlı nazir qeyd edib.
Onun sözlərinə görə, ölkələr kənd təsərrüfatı, tranzit, energetika, müdafiə və iqtisadiyyat sahələrində uğurla əməkdaşlıq edir.
F.İsazadə