2014-cü ildə Qazax rayonunda 16 yeni müəssisə yaradılıb, 867-si daimi olmaqla 907 yeni iş yeri açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Rayonda keçirilən hesabat iclasında qeyd edilib ki, ötən il 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax-Quşçu Ayrım avtomobil yolu istifadəyə verilib. Qazax-Kosalar avtomobil yolunun isə tikintisi nəzərdə tutulub. Quşçu Ayrım kəndində 180, Məzəm və Bala Cəfərli kəndlərində 80 şagird yerlik məktəb binaları tikilib.
Qarapapaq kənd ümumtəhsil orta məktəbi isə təmir edilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Qazaxda hər biri 100 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Hesabat ilində rayonda orta aylıq əmək haqqı 255 manat olub.
F.Mehdiyev