2015-ci ilin yanvar ayında Azərbaycanda 171,7 kq qızıl hasil edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 70,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayında Azərbaycanda 6,5 kq gümüş hasil edilib (azalma 75%).
Hasil edilmiş qızıl və gümüş emala göndərilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda 1872,5 kq qızıl və 239,3 kq gümüş hasil edilib.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından həyata keçirilir. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə, “Qoşa” yatağından qızıl hasilatına 2013-cü ilin III rübündə başlanılıb.
Müqaviləyə əsasən, yuxarıda qeyd olunan 6 yataqdan ümumilikdə 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması planlaşdırılır.
N.Ababsova