Prezident İlham Əliyev və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. İ.Əliyev İran prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd edib.
Dövlət başçısı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
M.Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev