“Art Villa” qalereyasında açıq səma altında 8-ci plener keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”) təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener “Nar” mövzusuna həsr edilib.
Tədbirdə Mir Teymur Məmmədov, Rəşad Mehdiyev, İrina Eldarova, Könul Kəngərli, İntiqam Ağayev, Peri Miniatur, Rəhim Həşimov, Vüqar Əli, Aydın Əsgərov, Ruslan Kovalyov, Vüqar Quliyev, Daşqın Bayramov, Vüsalə Süleymanova, Rövşən Məmmədov, Elşən Karaca, Mehriban Şəmsəddinskaya, Eldar Həsənov, Aişə Məhərrəmova, Zöhrab Salamzadə və Teymur Qəribov iştirak ediblər.
Plenerə yaşlı fırça ustaları ilə yanaşı, “Gənclər şəbəkəsi”nin gənc rəssamları da qatılıblar.
Nar unikal meyvə, Azərbaycan isə dünyada narın bütün növlərinin yetişdiyi yeganə ölkədir. Bu meyvə artıq çoxdan Azərbaycanın rəmzinə çevrilib. Onun haqqında şeirlər və mahnılar yazılır. Hər ilin noyabr ayında ölkədə nar festivalı keçirilir.
Plener – obyektlərin təbii şəraitdə təsviri texnikasıdır. Bu termindən, həmçinin təbiətin rəng bolluğunun, təbii şəraitdə işıq və havanın təsiri ilə rənglərin dəyişməsinin düzgün əks etdirilməsi üçün də istifadə olunur.
A.Zeydullayeva