ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland İrəvanda aparacağı danışıqlarda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırmaq niyyətindədir.
"Girovlara gəlincə, onları humanitar jest olaraq Azərbaycan tərəfinə qaytarmaq lazımdır və mən İrəvanda keçirəcəyim görüşdə bu məsələni qaldıracağam", - deyə V.Nuland çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar Vaşinqtonun narahatlığını ifadə edib.
"Biz təmas xəttində zorakılığın artmasından çox narahatıq", - deyə diplomat vurğulayıb.
D.Əsgərov və Ş.Quliyev bu ilin iyul ayının əvvəlində işğal edilmiş Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Əsir düşmüş üçüncü Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti 2014-cü il oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
Separatçı Dağlıq Qarabağ rejiminintəşkil etdiyi “məhkəmə” D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
F.Hüseynzadə