ABŞ “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasında maraqlıdır. Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bu gün Bakıda mətbuat konfransında söyləyib.
“Bakı-Tbilisi-Ceyhan” neft kəməri bizim energetika sahəsində ilk birgə layihəmiz idi, indi isə biz “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsində maraqlıyıq, bu, yalnız Azərbaycan üçün deyil, qaza ehtiyacı olan bütün Avropa ölkələri üçün vacibdir”,- deyə diplomat qeyd edib.
O, bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdən məmnunluğunu ifadə edib.
“Bizim Azərbaycan prezidenti ilə çox yaxşı, mehriban görüşümüz oldu. Biz Azərbaycanla 20 ildən artıq müddətdə davam edən tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə V.Nuland qeyd edib.
O söyləyib ki, Vaşinqton bu əməkdaşlığı üç ənənəvi istiqamət üzrə davam etdirməyə hazırdır: təhlükəsizlik, iqtisadiyyat /energetika və demokratik inkişafa dəstək.
V.Nuland təhlükəsizliklə bağlı bildirib ki, prezident İ.Əliyevlə Əfqanıstanda, Kosovada sülhməramlı missiyalar çərçivəsində əməkdaşlıq, terrorçuluq və ekstremizmlə birgə mübarizə, azərbaycanlı sülhməramlıların hazırlıq səviyyəsinin artırılması məsələləri müzakirə olunub.
F.Hüseynzadə