Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın bu gün Bakıda baş tutan görüşündə terrorizmə qarşı mübarizənin perspektivləri müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.
Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
F.İsazadə