Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə birgə turizm marşrutlarının hazırlanması məsələsini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Dağıstan və Azərbaycan arasında müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda cari ilin 18-19 may tarixlərində Bakı şəhərində keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri barədə fikirlər qeyd olunub.
A.Zeydullayeva