Azərbaycan Mərkəzi Bankı (AMB) manatda olan əmanətlərini valyuta əmanətlərinə keçirməkdə maraqlı olan respublika vətəndaşlarına yardım etməyi tapşırıb. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“Biz bütün banklara manatda olan əmanətlərini valyuta əmanətlərinə keçirmək istəyən vətəndaşlara yardım etməyi tövsiyə etdik. Bu günə respublikada bank əmanətlərinin həcmi 7 mlrd. manatı ötür, bunun yarısı manatda, yarısı xarici valyutadadır”, - deyə E.Rüstəmov AzTV dövlət telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, son iki ayda AMB xarici valyutada əmanətlərin artdığını qeyd edir. “Bu gün xarici valyutada əmanətlər üzrə faiz dərəcələri manatda əmanətlər üzrə faiz dərəcələrinə yaxınlaşır”, - deyə o əlavə edib.
E.Rüstəmov əlavə edib ki, manatın məzənnəsinin müəyyən edilməsi zamanı ikivalyutalı səbətin tətbiqinə keçid və milli valyutanın devalvasiyası iqtisadiyyatın dollarlaşmasının artmasına səbəb olacaq. “Baş verən prosesləri nəzərə alaraq, bu normal prosesdir. Bununla belə biz inflyasiyanın idxalını gözləmirik, çünki əsas ərzaq malları üzrə öz istehsalımız hesabına özümüzü təmin edirik”, - deyə o bildirib.
AMB-nin sədri qeyd edib ki, 2015-ci ilin yekunları üzrə Azərbaycanda inflyasiya “birrəqəmli aşağı səviyyədə olacaq” və bunun üçün AMB bütün mövcud ehtiyatlardan istifadə etməyi planlaşdırır.
E.Rüstəmov vurğulayıb ki, son bir neçə gündə mübadilə məntəqələrində xarici valyutaya tələbatın artımı müşahidə olunur. “Bu, gözlənilən idi. Biz bankları zəruri valyutada nağd pulla təmin edirik”, - deyə o əlavə edib.
Hazırda Azərbaycanda 45 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Daha əvvəl E.Rüstəmov “The Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan milli valyutanın - manatın dollardan asılılığından imtina etmək və tədricən daha çevik məzənnə siyasətinə keçmək niyyətindədir. O vurğulayıb ki, valyutanın istənilən zəifləməsi tədricən baş verəcək və AMB “əhalinin maraqlarını nəzərə alacaq”.
E.Rüstəmovun sözlərinə görə, AMB dollar və avronun daxil olduğu səbətin hədəflənməsi xeyrinə manatın dollardan asılılığını ləğv etməyi planlaşdırır. Bu zaman avronun payı 20-30% təşkil edəcək.
Mərkəzi Bank 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikivalyutalı səbətdən istifadəyə keçib. “Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək”, - deyə bankın məlumatında qeyd olunur.
16-17 fevral tarixlərində manat ABŞ dollarına nisbətən 0,0009 manat - 0,7853 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov