Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov real sektorun birrəqəmli dərəcə ilə kreditləşməsini mümkün hesab edir.
“Real sektor üçün birrəqəmli səviyyədə kreditlər tam realdır. Bunun üçün bizim zəruri ehtiyatlarımız var. Yaxın vaxtlarda bu istiqamətdə müəyyən yeniliklər barədə elan ediləcək”, - deyə E.Rüstəmov AzTV dövlət telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, real sektorun kreditləşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) analoqu olan xüsusi fondların yaradılması mümkündür.
E.Rüstəmov vurğulayıb ki, hazırda hökumətdə ipoteka kreditləşməsinin inkişafı və genişləndirilməsi məsələsinə dair fəal məsləhətləşmələr aparılır. “Söhbət ipoteka kreditinin artımı, bu cür kreditlər üzrə şərtlərin sadələşdirilməsi, ilk növbədə yeni tikililərdə mənzillərin alınması üçün ipotekanın tətbiqindən gedir. Bu, mənzil-tikinti bazarını canlandırmağa, tikinti materiallarının istehsalı üzrə daxili bazarı stimullaşdırmağa imkan verəcək”, - deyə o qeyd edib.
A.Əzizov