Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndələri Mixail Babiç və Aleksandr Beqlov Ulyanovsk şəhərində Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirib, Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Ziyarət zamanı yüksək vəzifəli qonaqları Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov və Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov və Azərbaycan diaspor nümayəndələri müşayiət edib.
İ.Hüseynov Ulyanovskda Heydər Əliyevin abidəsinin ucaldılmasında qubernator S.Morozovun rolunu xüsusi vurğulayıb. O, təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumatla çıxış edib.
Öz növbəsində Ulyanovsk vilayətinin qubernatoru vurğulayib ki, azərbaycanlılar bölgənin ən aktiv diasporudur, ÜAK-ın Ulyanovsk regional bölməsi isə millətlərarası münasibətlərin qurulmasında ən etibarlı və işgüzar tərəfdaşdır.
“Mən azərbaycanlıların yaxşı dost, səmimi və mehriban olduqlarını bilirdim, Ulyanovskda gördüklərim isə bu fikirlərimi bir daha təsdiqlədi”, - deyən A.Beqlov vurğulayıb ki, azərbaycanlılar barədə hər zaman yüksək fikirdə olub.
R.Babayev