Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Hər evə optika” layihəsinin həyata keçirilməsini 2016-cı ildən sonrakı dövrə saxlayıb. Bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“Biz $450 mln. dəyərində olan bu layihəninin reallaşdırılmasını 2016-cı ildən sonraya saxladıq. Biz layihənin bir çox komponentlərini ayrı-ayrı layihələrə böldük, onların hər birində investisiyaların qaytarılma müddəti 3-5 il təşkil edir. Həmçinin yeni maliyyə mənbələri tapmışıq və layihələri beynəlxalq maliyyə institutları və bankların güzəştli kreditləri hesabına həyata keçirmək niyyətindəyik”,- deyə Ə.Abbasov bildirib.
Onun sözlərinə görə, investisiyaların qaytarılma müddətinin az olması nəzərə alınmaqla bu layihələr dövlət vəsaiti cəlb olunmadan həyata keçirilə bilər.
Xəbər verildiyi kimi, “Hər evə optika” layihəsinin Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi planlaşdırılırdı. Layihə ucqar regionlar da daxil olmaqla, ölkədə genişzolaqlı internetin (ADSL) inkişafına yönəlmişdi. Layihənin son məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
N.Abbasova