İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunsa belə, Qərb ölkələri Tehrana qarşı sanksiyalarını dəyişməyəcək. Bu barədə İRNA agentliyi İran İslam Respublikasının ali dini lideri Əli Xameneyiyə istinadən məlumat verir.
“Mən hesab edirəm ki, hətta onların tələblərinə uyğun olaraq nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunsa belə, sanksiyalar yenə ləğv edilməyəcək, çünki onlar İslam İnqilabının prinsiplərinə qarşı çıxış edirlər”, - deyə o qeyd edib.
Ə.Xameneyinin sözlərinə görə, İran “sanksiyalara qarşı dayana və düşmənlərin ona qarşı planlarını ifşa edə bilər. Əgər biz müqavimət göstərməsək, dümən öz şərtlərini irəli sürəcək və sanksiyalar qoyacaq”.
“Əgər Qərb ölkələri sanksiya tətbiq etmək niyyətindədirsə, iranlılar da gələcəkdə onlara sanksiyalar qoyacaqlar”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, ötən ilin noyabr ayının 24-də “altılıq” ölkələri ( BMT TŞ-nin 5 üzvü və Almaniya) və Tehran arasında İranın nüvə proqramı ilə əlaqədar bütün problemləri nizamlamaq üçün ayrılmış müddət başa çatıb. Tərəflər müzakirələrin müddətini 2015-ci il iyunun sonuna qədər uzatmaq barədə qərara gəliblər.