“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə rəsmi tərəfdaşlığa dair saziş imzalayıb. Bu barədə BEGOC-un mətbuat xidməti məlumat verib.
Saziş çərçivəsində Azərbaycanın ən iri avtomobil istehsalçısı olan “NAZ” Bakı-2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.
NAZ, həmçinin “Bakı-2015” Avropa Oyunlarının Rəsmi Avtomobili” titulunu və “Bakı-2015” Avropa Oyunları loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan “Lifan” şirkətinə ötürəcək və Oyunlar müddətində istismar məqsədilə 280 ədəd “Lifan” markalı avtomobillə təchiz edəcək.
“Hər bir irimiqyaslı beynəlxalq çoxsaylı idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir. Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətini “Bakı-2015” Avropa Oyunlarının Rəsmi Dəstəkçisi kimi görmək sevindirici haldır və mən əminəm ki, həm Naxçıvan Avtomobil Zavodu, həm də “Lifan” markalı avtomobillər bizim müştərilərimizə və maraqlı tərəflərə ən yaxşı şəkildə xidmət göstərəcək”, - deyə BEGOC-un baş direktoru Saymon Kleq bəyan edib.
Onun sözlərinə görə, yarışların keçiriləcəyi 12-28 iyun 2015-ci il tarixlərində Milli Olimpiya Komitəsi üzvləri, KİV və Yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün həmin 280 ədəd nəqliyyat vasitəsindən istifadə olunacaq.
“Biz “Bakı-2015” Avropa Oyunları ailəsinin bir üzvü olacağımıza və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verəcəyimizə görə fəxr edirik”, - deyə NAZ-ın direktoru Musa Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, “Lifan” avtomobil şirkəti ilə yaxından çalışaraq, NAZ ilk Avropa Oyunlarının bütün müştərilərinə və maraqlı tərəflərə dünya səviyyəli xidmət göstərəcək.
Bu müqavilənin bağlanması ilə NAZ “McDonald’s Azerbaijan”, “Tickethour”, “Milla”, “Sitecore”, “Motorola Solutions”, “Azersun Holding” və “Bazarstore” şirkətlərindən sonra “Bakı-2015” Avropa Oyunlarının 8-ci Rəsmi Dəstəkçisinə çevrilib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev