Çərşənbə günü bir neçə ərəb dövləti Liviyanın üzərindən silah embarqosunun ləğv edilməsi təşəbbüsü ilə BMT TŞ-yə müraciət etmək niyyətindədir. Bu, Tripoliyə “İslam dövləti” qruplaşması ilə daha effektiv mübarizə aparmağa imkan verəcək. Bu barədə çərşənbə günü Britaniyanın “Daily mail” qəzeti məlumat verib.
“Liviyanın qanuni hökumətinə terrorçuluqla mübarizə aparmaq imkanı yaratmaq məqsədilə embarqonun ləğv edilməsinə dair” qətnamə layihəsi İordaniya tərəfindən BMT TŞ-yə təqdim olunacaq.
Bu təşəbbüsü xüsusilə Misir dəstəkləyir.
BMT TŞ tərəfindən Liviya lideri Müəmmar Qəddafi rejiminə sanksiyaların tətbiq edilməsinə dair qətnamə 2011-ci il fevralın 27-də qəbul edilib. Sənəd Liviyaya silah və hərbi təyinatlı istənilən materialların tədarükünə embarqonun qoyulmasını nəzərdə tutur. M.Qəddafi rejimi çökəndən sonra da embarqo qüvvədə olub.