Müğənni Elnur Hüseynov “O səs Türkiyə” yarışmasında («The Voice» layihəsinin analoqu) layiqli qələbə çalıb və təəssüf ki, onun istedadı vətənində layiqincə qiymətləndirilmədi. Bunu Azərbaycanın xalq artisti Eldar Mansurov söyləyib.
“E.Hüseynovun çıxışı çox gözəl idi. Ümumiyyətlə o, çox istedadlı gəncdir və bu müsabiqədə ədalətli qələbə qazanıb. Təəssüf ki, Elnur kimi insanları bizdə layiqincə qiymətləndirmirlər, dəstəkləmirlər”, - deyə E.Mansurov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, Azərbaycanda istedadlı insanlar uğur qazana bilmirlər, onları qəbul etmir, heç yerə dəvət etmirlər. “Amma onlar vətəndən kənarda uğur qazanan kimi, adları dillərdən düşmür, onlarla fəxr edir, qürur duyurlar”, - deyə bəstəkar qeyd edib.
“Ziddiyyət bundadır ki, sənin istedadını layiqincə qiymətləndirmələri üçün xaricdə uğur qazanmalısan”,- deyə o əlavə edib.
E.Hüseynovun Azəbaycanda perspektivləri barədə sualı cavablandıran E.Mansurov söyləyib ki, onun Azərbaycanda heç bir gələcəyi yoxdur.
“Əminəm ki, o, Türkiyədə qalsa və yaradıcılıq yolunu davam etdirsə, yaxşı olar. Elnur orada uğur qazanacaq və qiymətləndiriləcək”, - deyə bəstəkar əlavə edib.
O bildirib ki, E.Hüseynov bu il və ya gələn il Türkiyəni “Eurovision” mahnı müsabiqəsində uğurla təmsil edə bilər.
Xatırladaq ki, dünən E.Hüseynov Türkiyədə keçirilən “O səs Türkiyə” müsabiqəsində birinci yeri tutub.
E.Hüseynov “Eurovison” mahnı müsabiqəsində Azərbaycanı ilk təmsil etmiş duetin iştirakçısıdır. 2008-ci ildə onun Samir Cavadovla birgə ifa etdiyi “Day after Day” mahnısı ilə Azərbaycan Belqradda keçirilən mahnı müsabiqəsində 8-ci yeri tutmuşdu.
A.Zeydullayeva