Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tamar Beruçaşvili iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsini məmnunluqla qeyd edirlər. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
Cümə axşamı Tbilisidə keçirilən görüş zamanı E.Məmmədyarov qeyd edib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır. O, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstanla bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirib.O, Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini qeyd edib.
Öz növbəsində T.Beruçaşvili azərbaycanlı həmkarının səfərinin əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Y.Əliyev