SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” Tresti “Bulla-dəniz” yatağında quraşdırılacaq 6 saylı özülün tikinti işlərini bu ilin may ayında başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
İşlərin sifarişçisi qismində SOCAR-ın N.Nərimanov adına NQÇİ çıxış edir.
“4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülü dənizin 26 metr dərinliyində yerləşdiriləcək. Özülün ən müasir qazma avadanlığı, yaşayış bloku, yanalma və minik meydançaları, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, qaldırıcı hidroaktiv kranlar, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Obyektin tikintisinə 2014-cü ilin oktyabr ayından başlanılıb. Hazırda 6 saylı özülün hər birinin çəkisi 160 ton olan 11 dayaq bloku quraşdırılıb. O cümlədən qazma avadanlığının quraşdırılması üçün son işlər aparılır.
SOCAR-ın qiymətləndirmələrinə görə, özüldən sutkada 600 ton kondensat və 2 mln. kubmetr qaz hasil olunacaq.
N.Nərimanov adına NQÇİ “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası”, “8 Mart”, “Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarını işləyir.