Prezident Ilham Əliyev müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli sazişi təsdiq edib. Bu barədə cümə günü rəsmi mətbuatda məlumat verilir.
Belə ki, dövlət başçısı 11 noyabr 2014-cü ildə Budapeştdə imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannaməni, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiq edib.
Bundan başqa, İ.Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edib.
Dövlət başçısının fərmanları ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da təsdiq edilib.