Bakı polisi iki şübhəli şəxsi saxlamaqla narkotik maddələrin satışı cəhdinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş operativ məlumat əsasında Masallı rayon sakini Rəhman Eyyubovu 35 qram marixuananı satarkən saxlayıblar. Onun verdiyi ifadə əsasında əməliyyatçılar Sabirabad rayon sakini, narkotik maddə alverçisi Hamlet Məlikovu da saxlayıblar. Axtarış zamanı H.Məlikovun üzərindən 34 qram marixuana tapılıb. Saxlanılan şəxsin evinə baxış zamanı isə əlavə olaraq 5,075 kq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin qanunsuz yolla əldə edilməsi, saxlanılması və ya satışı) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov